Qafqazda təbii halda yayılmışdır.
Hündürlüyü 2-5 m-ə çatan kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavari və ya ellipsvari olub, 2,5-9 sm uzunluqda, 1,5-5 sm enindədir, qaidəyə yaxın hissəsi pazvari daralmışdır, uc hissəsi isə kütdür. Üst səthi tünd yaşıl, çılpaq, alt səthi isə sıx boz və ya ağımtıl keçətükcüklüdür. Kənarı kiçik dişcikli olub, kifayət qədər dərin qısa dilimlidir. Yan damarlarının sayı 7-9 cütdür. Çiçək qrupu çoxçiçəkli qalxanvaridir. Çiçək saplağı ilk vaxtlar tükcüklü olub, sonralar çılpaqlaşır. Kasacıq kənarları dişciklər üçbucaq şəklində olub, qısa və iti ucludur. Ləçəkləri ağ, yumurtavaridir. May-iyun aylarında çiçək açır, sentyabr -oktyabrda isə meyvəsi yetişir.Meyvələri 1,2 sm uzunluqda, 1,1 sm enində olub, enli ellipsvari, açıq narıncı rəngdə, parlaqdır. Açıq qəhvəyi rəngli toxumları 0,6 sm uzunluqda, 0,2 sm enindədir.
Orta və yüksək dağlıq qurşaqlarında dəniz səviyyəsindən 1800-2400 m hündürlüklərdə, palıd meşələrində, meşənin yuxarı sərhəddi boyunca daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında, əhəngdaşlı torpaqlarda yayılmışdır.
Naxçıvan MR Şahbuz rayonunun Ayrınc kəndi ətrafı seyrək meşəliklərdə (09.VII.2013); Оrdubad rayоnunun Nürgüt kəndi, Şərur rayonunun Qaraquş dağı, Lizbirt ərazisi bitir.
Dərman əhəmiyyətli bitkidir. Dekorativ yaşıllaşdırmadaistifadəsi məqsədyönlüdür.