Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır. Çox dəyişkən növdür. Avqust-sentyabr ayında çiçəkləyir, sentyabr-oktyabrda toxumları yetişir.
Kserofitdir. Dəniz səviyyəsindən 1000-2500 (1500-2700) metr hündürlükdə daşlı-qayalı yamaclarda, seyrək meşəliklərdə yayılmışdır.
Şahbuz rayonunun Biçənək, Kəngərli rayonunun Çalxanqala və Ordubad rayonunun Gənzə kəndi ilə Soyuqdağ arasında olan ərazilərdə yayılmışdır.
Yastıqvari formasına, bol çiçəkləməsinə görə dekorativ kol bitkisidir.
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.