Kiçik maygülü (lat. Podiceps ruficollis) — Maygülülər fəsiləsinə aid quş növü.
Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur[1][2][3][4][5].
Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur[1][2][3][4][5]..
Politipik növdür. Dünyada 9 yarımnövü vardır. Azərbaycan faunasına (T. Ruficollis capensis, Pal. 1884) daxildir. O biri yarımnövlərdən fərqli olaraq, birinci dərəcəli çalma lələkləri ağdır, ikinci dərəcəli çalma lələklərində isə ağ rəng yaxşı inkişaf etmişdir.
Qarğılı-qamışlı su hövzələri yaşayış yeridir. Qışda və miqrasiya vaxtı dənizin açıq sahil sularında da rast gəlinir. Azərbaycanda oturaq və qışlamaq üçün gələn populyasiyaları vardır. Tək, cüt və sürü halında yaşayır. Əsasən gecə fəal olur.
Zoofaqdır. Yemini əsasən böcəklər və balıqlar təşkil edir. Əlavə yemi kimi suçiçəyi və sulələyi toxumlarından da istifadə edir.
Bataqlıq belibağlısı və boz qarğa kiçik maygülünün yumurtalarını və balalarını yeyir.
Monoqamdır. Cütlərə ayrılıqdan sonra yuvalarını qarğı və qamışlıqlarda, yaxud onların əhatəsində olan açıq su sahəsində qurur. Adətən hər gün yumurta qoyur. Həm erkək, həm də dişi fərd kürtyatmada iştirak edir. Birinci, yaxud ikinci yumurtadan sonra kürt yatır. Kürtyatma müddəti 20-21 gündür. Cücələri 44-48 gündə pərvazlanır.
Azərbaycana qışlamağa oktyabr ayında kütləvi gəlir, fevralın sonu, martın əvvələrində isə köçüb gedir. Oturaq populyasiyaları martın ortalarında cüt-cüt ayrılır, apreldə yuva qurur və yumurtalayır. Aprelin axırı, mayda cücələri görünür, iyunda balaları pərvazlanır. İkinci dəfə nəsil verdikdə balaların pərvazlanması avqustda müşahidə olunur. Qış görkəminə girmək üçün yaşlı fərdlərdə lələkdəyişmə avqustdan başlayır, noyabr-dekabrda tam başa çatır. Reproduksiyadan əvvəlki lələkdəyişmə yanvardan aprelə kimi gedir. Avqustun əvvəlinə kimi embrion lələklər yuva lələkləri ilə əvəz olunur. Sentyabr-oktyabrda quşun bədəni birinci qış örtüyü ilə örtülür[1][2][3][4][5]..
Ömrü və cinsi yetişkənliyə çatma müddəti məlum deyil. Fərdi inkişafı rüşeym, bala, cavan (yuvinal) və yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə maturonatla (ətcəbalalar) immaturonatlar (cücələr) arasında keçid təşkil edir.
Adətən ildə bir dəfə, bəzi illərdə isə 2-3 nəsil verir. Yuvaya 5-10 yumurta qoyur. Reproduktivliyin müddəti 69-79 gündür.
Məlum deyil.
Qış aylarında sayı növün arealının şimal hissəsindən (Rusiya ərazisi) gələn quşlar hesabına artır. Dənizin açıq sahil sularında, Abşeron göllərində az, Qızılağac Dövlət Təbiət Qoruğunda, Lənkəran, Samur-Dəvəçi və Kür-Araz ovalığında çox olur. 1964–1968-ci illərdə Xəzərin Lənkəran sahillərində 1 km2 -də 42-55 quş sayılmışdır. Xəzər dənizinin Azərbaycan hissəsinin sahil zolağında sayı 2005 -ci ilin yanvarında 3539, iyulunda 9516 fərd olub. Əsas limit faktorları su-bataqlıq biotoplarının qurudulmasıdır[1][2][3][4][5]..
Yuvaları tək-tək yerləşir. Nəsil verdikdən sonra sürü əmələ gətirir.
Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan və bitkilərdən yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində maddələrin bioloji dövriyyəsi və enerji çevrilməsində iştirak edir.
Elmi və estetik əhəmiyyəti var.
Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət yasaqlıqlarında qorunur. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir. Populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.
Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə müqəvvası, populyar əsərlərdə və plakatlarda rəngli şəkilləri nümayiş etdirilir.
Kiçik maygülü (lat. Podiceps ruficollis) — Maygülülər fəsiləsinə aid quş növü.