Qırxbuğum, Yol otu, Xarmanotu - Polygonum aviculare L. [1]
Hündürlüyü 15-40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir.
Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.
Kserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Əsasən daşlı yamaclarda, yol kənarlarında və baxımsız olan yerlərdə sərilmiş kiçik ləkələr əmələ gətirir.
Kumarin, flavonoid, efir yağları, C vitamini və antosianlarla zəngindir.
Qırxbuğum farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şualanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.
Hamiləlik dövründə istifadəsi ziyandır.
Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.
Cövhərlər.
Yol otunun yerüstü hissəsi çiçəkləmədən əvvəl bişmiş halda qida kimi istifadə olunur. Çox vaxt qurudulur və qışda dovğaya əlavə olunur. Bundan başqa qırxbuğumlu plovun hazırlanmasında da istifadə olunur. Ev quşları üçün yem, eləcə də boyaq bitkisidir.
Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
Çiçək açan dövrdə bitkinin yerüstü hissələri toplanır və açıq havada qurudulur. Böyrək xəstəlikləri və sidik yolları xəstəliklərində istifadə olunur.
Qırxbuğum, Yol otu, Xarmanotu - Polygonum aviculare L.