Cənubi Zaqafqaziyada, Qafqazda yayılmışdır.
Alçaqboy ağacdır. Cavan budaqları bozumtul-qonur qabıqlı, bəzən nazik iynələrlə qurtarır. Yarpaqları dərili, enli-lansetvari, uzunluğu 5-8 sm, eni 2-3 sm, uzun, pazşəkilli bünövrəli, kənarları iti dişli, ucu vəzicikli, bəzən kənarları bütövdür. Cavan yarpaqların üstü yapışqanlı tükcüklü, alt tərəfi keçəli tükcüklü, meyvəvermə dövründə üstü parlaq, yaşıl, çılpaq, alt tərəfi keçəli olur. Yarpaqları xallı-keçəli, nisbətən çılpaq, saplaqları nazik keçəli, uzunluğuna görə yarpaq ayasının yarısına bərabər və ya ondan qısadır. Tumurcuqları yumurtavari-konusvari, seyrək tükcüklü, pulcuqludur. Çiçəkləri çox xırda, sıx tükcüklü çiçək saplağında yerləşir. Kasacığın hissələri üçkünclü və ya uzunsov-üçkünclü, keçəli tükcüklüdür. Ləçəkləri əks-yumurtavaridir. Erkəkcikləri 20, stilodiləri 3-dür. Meyvələri uzunluğu 2-3,5 sm olan, tükcüklü meyvə saplaqlarında yerləşir. Tək və ya qalxanlarda, armudşəkillidən şarşəkilliyədək, kasacığın qalan hissələri ilə yuxarıya qalınlaşmışdır. Toxumları hamar, qonur, qabarıqdır.
Çöl və bağların ətrafında, dəniz səviyyəsindən təxminən 450 m hündürlükdə bitir.
Zəngəzur rayonunda, Qarabağ dağlarının cənub hissəsində, kəndlərin ətrafında, otlaqların arasında və yarpaqlı meşələrdə bitir.
Dekorativ bitkidir. Aşbazlıq işlərində, povidla, pasta, mеyvə şərabı, alma şərabı, sərinləşdirici içkilər və kvas üçün cövhər kimi gеniş istifadə olunur.