Gürcü doqquzdonu
Qafqazda, Şimali İranda yayılmışdır. İlk dəfə Gürcüstanda təsvir edilmişdir.
Hündürlüyü 1,5-3 m-ə çatan, alçaqboylu, dağınıq çətirli koldur. Yarpaqları 2-4 sm uzunluğunda qısa saplaqlı, xırda, yumurtavarı-ovalşəkillidir, hər iki tərəfi, xüsusilə alt hissəsi sıx tükcüklüdür. Çiçəkləri ağ və ya sarımtıl rəngli olub, xaricdən zəif tüklüdür, orta hissəsi qabarıqdır, 5-6 yaşından çiçəkləyir, nektarlıdır. Kasacığı sarımtıldır, yatıq tükcüklüdür. Vegetasiyası aprelin ikinci yarısından başlayaraq oktyabrın axırı, noyabrın əvvəlinə qədər davam edir. Tezböyüyən bitkidir. Meyvələri 6-8 yaşından başlayıb avqustun ikinci yarısında və ya sentyabrın birinci yarısında yetişir. Qırmızı rəngli giləmeyvələri yeməlidir, iki ədədi bir-birinə bitişikdir. Toxum və ya qələmlərlə çoxaldılır.
Qışa az davamlıdır. Meşə bölgələrində - düzəndən başlamış orta dağ qurşağına qədər olan ərazilərdə bitir. Son dövrlərdə dekorativ bitki kimi bir çox özəl həyətyanı sahələrdə becərilir.
Böyük Qafqazda, Lənkəranda, Astarada, Masallıda təsadüf edilir. Mərkəzi Nəbatat Bağında və Mərdəkan dendrarisində introduksiya edilmişdir. Abşeronda mədəni şəraitdə becərilir.
Dekorativ bitkidir, yaşıllıqlarda və torpaq eroziyasına qarşı aparılan meşə - meliorasiya tədbirlərində istifadə edilir.
Gürcü doqquzdonu