Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.[1]
Rusiya (Dağıstan) və Şimali İranda təbii arealı vardır. Azərbaycanda ilk dəfə Qusarda təsvir edilib.
Boyu 30-35 m-ə çatan, sarmaşan kol bitkisidir. Yarpaqları adətən qalın dəricikli, bəzən isə nazik dəricikli olur, üst tərəfdən tündyaşıl, alt tərəfdən açıq rəngli, hər iki tərəfdən çılpaq və yaxud alt tərəfdə seyrək ulduzabənzər pulcuqları vardır, uzunluğu 13 sm-ə, eni 7 sm-ə qədərdir, iysizdir. Yarpaqların forması dəyişkəndir: yerə sərilən budaqların yarpaqları dairəvi-ürəkşəkilli və tamkənarlıdır. Dırmaşan budaqların yarpaqları isə uzunsov-yumurtaşəkilli və neştərşəkilli formaya qədər, qaidə hissəsi dərin ürəkşəkillidən kəsilmiş və pazşəkilli formaya qədər dəyişir, tamkənarlı və ya bölümlüdür. Çiçək qrupu şarvari çətirdir, 5-20 çiçəklidir, çətirlər uzun, nazik ayaqcıqda, 2-6 sm uzunluqda, tək və ya 3-8 salxımlıdır. Bütün çiçək qrupu və yarpaqcıqların kənar hissəsi sıx, parlaq, sarı-qonur pulcuqlarla örtülüdür. Pulcuqlar çətinliklə seçilir. Meyvələri qara, 6-10 mm diametrindədir. [2]
Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Əsasən kölgəli meşələrdə yayılmışdır. Antropogen amillərin təsiri və iqlim amillərinə həssaslığı təhlükə yarada bilər.[3] Rütubətli, gilli torpaqlarda yaxşı bitir, kölgəsevəndir. Məhdudlaşdırıcı amillər sırasında meşələrin qırılması nəticəsində yaşayış mühitinin pisləşməsi ilk yerdə durur[4][3]. Xüsusi qorunan ərazilərdə mühafizəsinin təşkili təklif olunur. Qorunması üçün yeni yasaqlıqların yaradılması zəruridir.
Azərbaycanın nadir, relikt bitkisidir. Təbii ehtiyatı Azərbaycanda çox geniş deyildir. Zaqatala, Şəki, Qax, Quba, Xaçmaz, Qusar, Astara rayоnları ərazilərində, Lənkəran ovalığında, Lənkəranın dağlıq hissəsində — ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Abşeronda mədəni şəraitdə becərilir[2][5][6][7][8]. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir.
Yüksək dekorativli dırmaşan koldur, yaşıllaşdırmada istifadə olunur.[8]
Pastuxov daşsarmaşığı (lat. Hedera pastuchovii) — araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.