Rusiyada, Qərbi Sibirdə, Kamçatkada, Saxalində, Kuril adalarında, Baykal ətrafında, Altayda, Böyük və Kiçik Qafqazda, Qazaxıstanda, Orta Asiyada, Mərkəzi Tyan-Şanda, Azov dənizi sahilində yayılmışdır.
Hündürlüyü 2-10 m olan ağac və ya iri koldur. Qabığı tutqun, qara-boz, çatlayan, cavan, qabığın içəri qatı sarı, badam qoxuludur. Yarpaqları növbəli, ellipsvari, nazik, qısa saplaqlarda 1-2 sm uzunluğunda, iti, eni 2-6 sm, çılpaq kənarları dişlidir. Çiçəkləri ətirli, çiçək saplaqlarında uzunluğu 8-12 sm olan sıx, sallaq salxımlara yığılmışdır. Hipantisi kasaşəkilli, üstü çılpaq, içərisi tüklü, 5 qısa üç kənarlı, kənarları vəzicikli kasayarpaqlıdır. Çiçək tacı beş ləçəkli, diametri 5-7 mm; ləçəkləri əks-yumurtavari, ağdır. Meyvələri şarşəkilli, diametri 8-10 mm, şirin, çox büzücü, qara çəyirdəkdir. Çəyirdəyi yumru-yumurtavari, əyrili-oyuqludur. Apreldən iyunadək çiçəkləyir, meyvələri iyulda-sentyabrda yetişir.
Dəniz səviyyəsindən 1800 m-dək hündürlükdə, nəmişli, məhsuldar və qrunt sularına yaxın olan drenajlı torpaqlarda bitir.
Respublikamızda bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Meyvələrində, qabığında və yarpaqlarında qlikozid, alma və limon turşuları, antosianlar, flavonlar prulaurazin; çiçəklərində və yarpaqlarında 200 mq% -dək askorbin turşusu vardır.